bazar 21 iyun 2026 - 19:12
Aşura mövzusunda ekran əsərləri Kərbəla hadisəsinin yalnız zahiri səhnələrinin canlandırılması ilə məhdudlaşmamalıdır

Hövzə / Kino tənqidçisi və eksperti bildirib ki, Aşura geniş mənəvi və insani ölçülərə malikdir. O vurğulayıb ki, sənətkarlar bu hadisənin dramatik imkanlarından istifadə etməklə Aşuranın mahiyyətini və mesajını cəlbedici, təsirli hekayələr vasitəsilə tamaşaçılara çatdıra bilərlər.

Hövzə Xəbər Agentliyi / Kino tənqidçisi və eksperti Hüseyn Sultanməhəmmədi bildirib ki, Aşura yalnız tarixi bir hadisə deyil, məna, əxlaq, iman, azadlıq, məsuliyyət və ictimai şüurdan ibarət canlı bir mənəvi sistemdir. O qeyd edib ki, kino və televiziyanı cəmiyyətin kollektiv yaddaşının və mədəni zövqünün formalaşmasında təsirli vasitələr hesab ediriksə, Aşuranın bədii əsərlərin yaradılmasındakı böyük potensialına laqeyd yanaşa bilmərik.

O əlavə edib ki, Aşura keçmişə aid sadə bir hadisə deyil. Bu hadisə müasir insanın haqq, ədalət, sədaqət, fədakarlıq, düşünülmüş addım və təhriflərə qarşı müqavimət kimi dəyərlərlə münasibətini görməsi üçün bir aynadır.

Sultanməhəmmədi vurğulayıb ki, Aşura mövzusuna müraciət etməyin zəruriliyi sənətkarın inzibati göstəriş və ya şüarçılıq əsasında bu sahəyə daxil olması demək deyil. Əsas məsələ budur ki, dini və mədəni cəmiyyətimiz özündən soruşmalıdır: Belə zəngin mənəvi xəzinəyə malik olduğumuz halda niyə kino və televiziya sahəsində ciddi, dərin və qalıcı Aşura əsərlərinin sayı məhduddur?

O qeyd edib ki, hər il Məhərrəm ayında xalqın böyük coşqu ilə iştirak etdiyi əzadarlıq məclisləri, heyətlər, təziyə mərasimləri və digər dini ayinlər müşahidə olunur. Lakin bu geniş potensial hələ də güclü bədii ekran əsərləri vasitəsilə lazımi səviyyədə təqdim edilə bilməyib.

Kino tənqidçisi Aşuranın çoxşaxəli insan, ailə, eləcədə ictimai və maarifləndirici tərəflərə malik olduğunu bildirərək deyib ki, bəzi şəxslər Aşura mövzusunun yalnız Kərbəla döyüşünün canlandırılması ilə məhdudlaşdığını düşünürlər. Halbuki bu yanaşma olduqca məhduddur.

Onun sözlərinə görə, Aşura yalnız döyüş meydanı deyil. Bu məktəb İmam Hüseynin (ə) səhabələri ilə söhbətlərini, ailəsi ilə vidalaşmasını, insanların tərəddüd və seçimlərini, həzrət Zeynəbin (s.ə) maarifləndirici fəaliyyətini, yatmış vicdanların oyadılmasını, haqqın tənhalığını və həmçinin cəmiyyətin nüfuz sahiblərinin məsuliyyətini də əhatə edir. Bu mövzuların hər biri ayrıca film, serial, televiziya filmi və ya qısametrajlı ekran əsərinin əsas mövzusu ola bilər.

Sultanməhəmmədi bildirib ki, bədii əsərlər mənanı hadisələrin içində təqdim etdikdə uğur qazanır. Əgər ssenarist və ya rejissor yalnız birbaşa mesaj verməyə çalışarsa, müasir tamaşaçı əsərdən uzaqlaşır. Lakin sədaqət, çətin seçim, insan ləyaqəti, zülmə qarşı dayanmaq, həqiqəti müdafiə etmək və izzəti qorumaq kimi anlayışlar maraqlı süjet, düzgün xarakter quruculuğu və inandırıcı dramatik hadisələr fonunda təqdim edilərsə, tamaşaçı əsərlə daha sıx əlaqə qurur.

O vurğulayıb ki, dini incəsənət yalnız nəsihət verməklə deyil, tamaşaçıda emosional və düşüncə təcrübəsi yaratmaqla təsirli olur.

Kino eksperti İran kinosu və televiziyasında uğurlu nümunələrə də toxunaraq bildirib ki, dini və tarixi mövzulu əsərlərdə dəqiq araşdırma, güclü ssenari, peşəkar rejissorluq və tamaşaçı zövqünə hörmət bir araya gəldikdə ortaya qalıcı əsərlər çıxır.

O qeyd edib ki, İran tamaşaçısı səthi və şüar xarakterli əsərlərlə əlaqə qurmur. Lakin əsərin yaradıcılarının iman, bilik, estetik baxış və peşəkarlıqla çalışdıqlarını gördükdə ona etimad göstərir. Aşura mövzusunda isə bu həssaslıq daha yüksəkdir. Çünki tamaşaçının bu hadisə ilə dərin emosional və etiqadi bağlılığı var və ən kiçik səhlənkarlıq, sadələşdirmə və ya təhrif belə narazılıq və etiraza səbəb ola bilər.

Hüseyn Sultanməhəmmədi vurğulayıb ki, Aşura mövzusunda ekran əsərinin ərsəyə gəlməsi üçün ən mühüm şərtlərdən biri ciddi araşdırmadır. Onun sözlərinə görə, müəllif yalnız eşitdiklərinə, pərakəndə xatirələrə və ya şəxsi təəssüratlarına əsaslanaraq belə bir mövzuya müraciət edə bilməz. Tarixi mənbələr, mötəbər məqtəllər, dini alimlərin təhlilləri, Aşura tədqiqatçılarının araşdırmaları və mütəxəssislərlə məsləhətləşmələr bu işin əsas dayağı olmalıdır. Bununla belə, araşdırma əsəri quru tarixi hesabat səviyyəsinə endirməməlidir. Yazıçının məharəti araşdırmaların içindən dramatik situasiyalar çıxarmaqda və müasir tamaşaçının anlaya biləcəyi obrazlar yaratmaqdadır.

O əlavə edib ki, Aşura mövzusunun işlənməsində obrazların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bəzən dini mövzulu əsərlərdə səhvə yol vermək qorxusu səbəbindən müqəddəs şəxsiyyətlər və onların yaxınları əlçatmaz, dramatik fəaliyyət qabiliyyəti olmayan simalar kimi təqdim edilir. Halbuki onların ehtiramını qorumaq şərtilə böyüklüklərini davranışları, seçimləri, ölçülü sözləri və ətrafdakılara təsirləri vasitəsilə göstərmək mümkündür.

Sultanməhəmmədi bildirib ki, Kərbəla yolunda İmam Hüseynin (ə) karvanı ilə qarşılaşanlar, Kufədə tərəddüd içində qalanlar, həqiqəti gec anlayanlar, düzgün seçim edənlər və ya susqunluqları ilə faciəyə zəmin yaradanlar kimi ikinci plandakı şəxslər də güclü dramatik potensiala malikdirlər.

Kino eksperti qeyd edib ki, Aşura yalnız keçmişə aid hadisə deyil. Onun fikrincə, Aşura mövzusunda uğurlu əsərlər yaratmağın mühüm yollarından biri bu məktəbin dəyərlərini müasir həyatla əlaqələndirməkdir. Belə əsərlərin mütləq hicri 61-ci ildə cərəyan etməsinə ehtiyac yoxdur. Müasir dövrdə yaşayan və əxlaqi seçim qarşısında qalan bir qəhrəmanın hekayəsi vasitəsilə də “Heyhatə minnəz-zillə” anlayışını nümayiş etdirmək olar.

O əlavə edib ki, şəxsi mənfəətlə insan həyatını xilas etmək arasında seçim edən həkim, ədalətsizlik qarşısında susmayan müəllim, həqiqəti məsləhətə qurban verməyən jurnalist və ya ləyaqət və imanını qorumaq uğrunda sınaqlarla üzləşən bir ailə haqqında hekayələrdə də Aşura ruhu dolayı, lakin dərin şəkildə əks oluna bilər.

Sultanməhəmmədi vurğulayıb ki, təəssüf ki, bəzi mövsümi layihələrdə bədii yanaşma deyil, təqvim yanaşması üstünlük təşkil edir. Yəni Məhərrəm ayı yaxınlaşdıqda tələsik şəkildə əsər sifariş edilir və qısa müddətdə sanballı iş ortaya qoyulacağı gözlənilir. Onun sözlərinə görə, bu üsul uğurlu nəticə vermir.

O bildirib ki, Aşura mövzusunda ekran əsəri vaxt, araşdırma, təkrar işlənmə, bədii tərtibat, uyğun aktyor seçimi və yetərli maliyyə dəstəyi tələb edir. Əgər qalıcı əsər yaratmaq məqsədi varsa, bunun planlaşdırılması illər öncədən aparılmalıdır.

Kino tənqidçisi televiziyanın bu sahədəki roluna da toxunaraq deyib ki, geniş tamaşaçı auditoriyasına malik olması səbəbindən televiziya xüsusi məsuliyyət daşıyır. Milyonlarla insan şəhər və kəndlərdə televiziya vasitəsilə ekran əsərlərini izləyir. Buna görə də Aşura dəyərləri əsasında hazırlanmış keyfiyyətli, cəlbedici və düşüncəli serialların təsiri olduqca geniş ola bilər.

O qeyd edib ki, televiziya müxtəlif formatlardan istifadə etməlidir. Tarixi seriallar, müasir mövzulu seriallar, mini-seriallar, televiziya filmləri, animasiya layihələri, sənədli-bədii filmlər və yeniyetmələr üçün nəzərdə tutulan ekran əsərləri bu mədəni missiyanın həyata keçirilməsində mühüm rol oynaya bilər.

O, sözlərinə davam edərək bildirib ki, kino sahəsində də daha geniş və uzaqgörən yanaşmaya ehtiyac var. Aşura mövzusunda çəkilən filmlər yalnız mövsümi nümayişlər və ya festivallarla məhdudlaşmamalıdır. Güclü ssenari, peşəkar istehsal və beynəlxalq kino dili olduğu təqdirdə, Aşura dəyərləri iranlı və müsəlman olmayan tamaşaçılar üçün də anlaşılan və təsirli ola bilər. Azadlıq, fədakarlıq, sədaqət və insan ləyaqətinin alçaldılmasına qarşı mübarizə kimi anlayışlar ümumbəşəri dəyərlərdir. Lakin qlobal auditoriyaya çatmaq üçün kino dilini düzgün tanımaq vacibdir. Beynəlxalq tamaşaçı şüarlarla deyil, güclü dramatizm, təsirli təsvirlər, uyğun musiqi, inandırıcı aktyor oyunu və səmimi hekayə ilə əlaqə qurur.

Kino tənqidçisi qeyd edib ki, Aşura mövzusunda əsərlərin hazırlanmasında ən ciddi təhlükələrdən biri zahiri görüntülərlə kifayətlənməkdir. Bəzən elə düşünülür ki, qara geyimlər, bayraqlar, nəhl mərasimləri, mərsiyələr və əzadarlıq səhnələri göstərilməklə Aşura əsəri yaradılmış olur. Halbuki bunlar mühüm və dəyərli elementlər olsa da, təkbaşına kifayət etmir. Aşura mövzulu əsər ilk növbədə Aşuranın ruhunu tamaşaçıya çatdırmalıdır. Elə filmlər ola bilər ki, zahirən Məhərrəm atributları ilə zəngin olsun, lakin məna baxımından boş təsir bağışlasın. Əksinə, müasir dövrdən bəhs edən bir əsər minimum birbaşa işarələrlə tamaşaçını fədakarlıq, həqiqətpərəstlik və insan məsuliyyəti barədə daha dərin düşüncəyə sövq edə bilər.

O əlavə edib ki, müasir gənclər sual verən nəsildir və onlarla öz dillərində danışmaq lazımdır. Əgər ekran əsərləri yalnız köhnə stereotiplərin təkrarından ibarət olarsa, yeni nəsil onlarla əlaqə qura bilməyəcək. Lakin gənclərin real sualları dinlənilərsə və Aşuranın bu suallara necə cavab verdiyi göstərilərsə, möhkəm mənəvi bağ formalaşa bilər. Bu günün gənci soruşur: Nə üçün fədakarlıq etmək lazımdır? Nə üçün zülm qarşısında dayanmaq gərəkdir? İmam Hüseynin (ə) qiyamında ağıl və duyğunun sərhədi haradadır? Onun səhabələrinin seçimində şüurun rolu nə idi? Nə üçün bəzi nüfuz sahibləri susdu? Bu suallar bədii əsərlərdə öz əksini tapmalıdır.

Hüseyn Sultanməhəmmədi bildirib ki, digər mühüm məqamlardan biri batil cəbhənin zəif və səthi təsvirindən çəkinməkdir. Dram yalnız qarşıdurma ciddi və inandırıcı olduqda güclənir. Əgər mənfi obrazlar həddindən artıq sadə, birtərəfli və karikatura şəklində təqdim edilərsə, haqq cəbhəsini seçməyin böyüklüyü də tam dərk olunmaz. Buna görə də aldatma, dünyapərəstlik, qorxu, şəxsi mənfəət və həqiqətin təhrif olunması kimi amillər düzgün şəkildə göstərilməlidir. Aşura yalnız qılıncların toqquşması deyildi; bu, insan, din, hakimiyyət və həqiqət haqqında iki fərqli baxışın qarşıdurması idi. Məhz bu qarşıdurmanın dərindən anlaşılması ekran əsərlərinə daha böyük məna və dərinlik qazandıra bilər.

O, Aşura mövzusunda yüksək səviyyəli layihələrin hazırlanmasında mədəniyyət qurumlarının dəstəyinin vacibliyini vurğulayaraq deyib ki, maliyyə yardımı zəruridir, lakin kifayət etmir. Yaxşı ideyaların müəyyənləşdirilməsi, bacarıqlı ssenaristlərin hazırlanması və dəstəklənməsi, dini və tarixi məsləhətçilərin yaradıcılıq qrupları ilə əməkdaşlığı üçün sistemli mexanizmlər qurulmalıdır. Eyni zamanda, qeyri-peşəkar və zövqə əsaslanan müdaxilələrdən uzaq durmaq lazımdır. Aşura mövzulu əsərlərin istehsalı sınaq meydanına çevrilməməlidir. Bu məsələ o qədər əhəmiyyətlidir ki, onun üçün daimi və peşəkar düşüncə mərkəzləri fəaliyyət göstərməlidir.

Kino eksperti sonda qeyd edib ki, Aşura milli ekran sənəti üçün tükənməz bir xəzinədir. Lakin bu xəzinədən düzgün istifadə etmək səmimiyyət, mərifət, yaradıcılıq və peşəkarlıq tələb edir. Əgər sənətkar bu sahəyə təmiz niyyət, araşdırıcı düşüncə və bədii bacarıqla daxil olarsa, həm tamaşaçının göz yaşını axıdan, həm onun düşüncəsini oyadan, həm də onu bugünkü həyat qarşısında daha məsuliyyətli edən əsərlər yarada bilər.

Onun sözlərinə görə, kino və televiziya yalnız müəyyən günlərə hesablanmış layihələrlə kifayətlənməməli, ilin bütün dövrlərində izlənilən, insanların yaddaşında yaşayan və gələcək nəsilləri Aşura həqiqəti ilə tanış edən əsərlər ortaya qoymalıdır. Çünki Aşura sənət üçün təkrarlanan bir mövzu deyil, nə qədər dərindən öyrənilsə, bir o qədər yeni məna, yeni hekayə və yeni insan yetişdirmə imkanları ortaya çıxaran tükənməz bir qaynaqdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha